İQTİSADİYYAT


“Azəri-Çıraq-Günəşli”nin platformalarının hər birindən çıxarılan neftin həcmi açıqlanıb

Bakı, 2 iyun, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı 6 platformanın hər birindən hasilatın əvvəlindən ötən ilin sonunadək çıxarılan xam neft həcmləri açıqlanıb.

AZƏRTAC BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”na istinadla xəbər verir ki, istehsala başlanandan (1997-ci ilin noyabrından) keçən ilin axırına kimi “Çıraq” platformasından 736,1 milyon barrel (99,5 milyon ton), “Mərkəzi Azəri”dən (2005-ci ilin fevralından) 936,9 milyon barrel (126,6 milyon ton), “Qərbi Azəri”dən (2005-ci ilin dekabrından) 845,3 milyon barrel (114,3 milyon ton), “Şərqi Azəri”dən (2006-cı ilin noyabrından) 502,7 milyon barrel (67,9 milyon ton), “Dərinsulu Günəşli”dən (2008-ci ilin aprelindən) 513 milyon barrel (69,5 milyon ton) və “Qərbi Çıraq” platformasından (2014-cü ilin yanvarından) isə 170,7 milyon barrel (23,1 milyon ton) neft hasil edilib.

Qeyd edək ki, AÇG-dən ilk neft hasilatından bəri ümumi istehsal 3,7 milyard barrelə (500 milyon tondan çox) çatıb. 2019-cu ildə yataqlar blokundan 195 milyon barreldən çox neft hasil edilib. Cari ilin ilk rübündə isə “Azəri-Çıraq-Günəşli”dən hasilat 48 milyon barrel, yəni 6,4 milyon tondan çox olub. Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç ayda AÇG-dən ümumi hasilat – “Çıraq” (39 min), “Mərkəzi Azəri” (136 min), “Qərbi Azəri” (125 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (95 min) və “Qərbi Çıraq” (51 min) platformalarından birgə gündəlik orta hesabla 524 min barrel olub.

Rübün sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 4 neft hasilat quyusu qazılıb. Üç ayda AÇG layihəsinə təqribən 150 milyon dollar əməliyyat və 522 milyon dollaradək əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.