İQTİSADİYYAT
“Azərikimya” İstehsalat Birliyində “Sənaye ili” çərçivəsində KİV nümayəndələri ilə görüş keçirilmişdir
Sumqayıt, 13 mart ( AZƏRTAC ). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar keçirilən görüşdə çıxış edən “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycanın ötən 20 illik tarixi bir dövrdə makroiqtisadiyyatın bütün sahələri, o cümlədən, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər üzrə böyük inkişaf yolu keçdiyini vurğulamışdır. M.Babayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafının yeni mərhələyə qədəm qoymasını reallaşdıran fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir.
Qeyd edilmişdir ki, 2014-cü ilin “Sənaye ili” elan olunması iqtisadiyyatın sənayeləşdirilməsi baxımından çox vacib addımdır. Belə ki, növbəti mərhələnin əsas hədəflərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin olunması təşkil edəcəkdir. “Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələri Azərbaycanın gələcəyinə hesablanmış layihələrdir və bu layihələrin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir” – deyə M.Babayev vurğulamışdır.
Birliyin rəhbəri bir məsələni də qeyd etmişdir ki, Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı Gəmiqayırma Zavodu respublikamızda həyata keçirilən ən iri infrastruktur layihələrindən biridir. Bu zavod müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini daha da gücləndirəcəkdir.
İllik istehsal gücü 700 min tona yaxın olan metanol zavodunun işə salınmasını, 2016-cı ildə istismara verilməsi nəzərdə tutulan karbamid zavodunun tikintisi ilə bağlı görülən işləri diqqətə çatdıran M.Babayev demişdir ki, yaxın dövrlərdə Qaradağ rayonunda inşa olunacaq yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi bu sahənin inkişafında yeni mərhələ açacaqdır. Kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaqdır. Bununla da Azərbaycanda neft və qaz emalı, həmçinin neft-kimya sahəsində mühüm texniki və texnoloji irəliləyişlərə nail olunacaq, çoxlu sayda ən yeni texnologiyalar əldə ediləcək və bir çox növdə məhsul və məmulatların idxalından asılılığı aradan qaldırılacaqdır. Bu layihənin icrası, həmçinin iri müəssisələrin şəhərlərdən kənarlaşdırılmasına, boşaldılmış ərazilərin mülki və sosial-məişət təyinatlı məqsədlər üçün istifadə edilməsinə imkan yaradılacaqdır. Eyni zamanda müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı formalaşdırılacaq, yeni iş yerləri açılacaqdır.
Müşahidə Şurasının sədri xatırlatmışdır ki, son vaxtlar Sumqayıtda Prezident İlham Əliyevin iştirakı ilə açılan sənaye müəssisələri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış yeni, çox vacib addımlardandır. Sənaye parklarının bir əhəmiyyəti də ondadır ki, burada istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin meydana gəlməsinə zəmin yaradacaqdır.
Sonra Muxtar Babayev jurnalistləri maraqlandıran bir çox sualları cavablandırmışdır. “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müvafiq standartlara cavab verməyən, şəhərin ekologiyasına mənfi təsir göstərən bütün istehsalatların ləğv edilməsi nəticəsində ətraf mühitin çirklənmə dərəcəsinin xeyli azalması, əməkçilərin sosial-məişət şəraiti, maddi təminatı və yaşayış səviyyəsi baxımından müsbət dönüşə nail olunması haqqında da geniş söhbət aparılmışdır.
Görüşdə iştirak edən mətbuat nümayəndələri bu qəbildən olan tədbirlərin keçirilməsini müsbət hal kimi dəyərləndirərək, kimya sənayesində əldə edilən uğurların təbliğində KİV-lərin mühüm rolunu vurğulamışlar. Respublikamızda kimya sənayesinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən KİV nümayəndələri kimyaçıların “Sənaye ili”ndə daha böyük uğurlar qazanmaq əzmi ilə çalışacaqlarına əmin olduqlarını söyləmiş, öz arzu və təkliflərini bildirmişlər.