İQTİSADİYYAT
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 106,6 mindən çox istehlakçıya xidmət göstərib
Bakı, 2 iyul, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bu il “ASAN xidmət” vasitəsilə 106,6 mindən çox istehlakçıya xidmət göstərib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” tərəfindən bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsi təmin edilib.
Cari ilin 6 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 106 min 642 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.