İQTİSADİYYAT
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 120 minə yaxın istehlakçıya xidmət göstərib
Bakı, 12 yanvar, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 2016-cı il ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlər göstərilib. Belə ki, “Azəriqaz” İstehsalat Birliyi müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, 2016-cı il ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 119 min 537 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə "Azəriqaz" bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.