İQTİSADİYYAT
“Azəriqaz” Almaniya şirkəti ilə qaz şəbəkəsinin müasirləşdirilməsini müzakirə edib
Bakı, 28 aprel, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) Almaniyanın “Uniper Global Commodities SE” şirkəti ilə Azərbaycandakı mövcud qaz şəbəkəsinin müasirləşdirilməsini müzakirə edib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SOCAR və E.ON Global Commodities SE şirkəti (hazırda “Uniper Global Commodities SE” şirkəti) arasında imzalanmış əməkdaşlıq barədə memorandum çərçivəsində 2014-cü ildən etibarən “Azəriqaz” ilə “Uniper Global Commodities SE” şirkəti arasında texniki dialoq və təcrübə mübadiləsi proqramına start verilib. Bu texniki dialoq çərçivəsində “Azəriqaz” İB-nin və “Uniper Global Commodities SE” şirkətinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, əldə olunmuş təcrübə və biliklərin mübadiləsi, müxtəlif mövzularda seminarların keçirilməsi təşkil olunub. Bu tədbirlərin davamı olaraq 2017-ci ilin aprel ayında “Uniper Global Commodities SE” şirkətinin mütəxəssisləri “Azəriqaz” İB-yə səfər edib, birliyin əldə etdiyi son nailiyyətlərlə, tətbiq etdiyi yeniliklər, texnika və avadanlıqlarla tanış olub, mərkəzi aparatın və yerli struktur bölmələrinin iştirakı ilə seminar keçirilib. Seminarda paylayıcı şəbəkədə təbii qazın nəqli, ölçülməsi, balansı və proqnozlaşdırılması, şəbəkənin idarəedilməsi, qaz şəbəkəsinin və üzərindəki avadanlıqların istismarı sahəsində Almaniyada olan təcrübə barədə geniş təqdimatlar keçirilib, Azərbaycandakı mövcud qaz şəbəkəsinin müasirləşdirilməsi üzrə tövsiyələr bildirilib.
Təqdimatlar geniş diskussiya və qarşılıqlı dialoq şəklində təşkil olunub. Təqdimatda iştirak edən struktur bölmələrin sualları “Uniper Global Commodities SE” şirkətinin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Yekun olaraq bildirilib ki, “Azəriqaz” ilə “Uniper Global Commodities SE” şirkəti arasında texniki əməkdaşlıq növbəti dövrdə də davam etdiriləcək.