REGİONLAR


“Azəriqaz” İB-nin baş direktoru istixana sahibləri ilə görüşüb

Bakı, 11 noyabr, AZƏRTAC

Şəmkir rayonunda “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşüb.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov da iştirak ediblər. Meyvə-tərəvəz istehsalı ilə məşğul olan 80-dən çox istixana sahibinin problemləri dinlənilib. Diqqətə çatdırılıb ki, hazırda “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan 132 böyük istixana sahibi qazla təmin edilir. Onlardan təkcə 111-i Şəmkir rayonunun payına düşür.

Görüşdə sahibkarlar əsasən istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı fikirlər səsləndiriblər.

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay azı bir dəfə görüş keçiriləcək. “Bu görüşlər əsasən mövsümi işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq. Lakin borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək”. R.Əliyev onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. “Azəriqaz” İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

Görüşdə iştirak edən digər qurumların nümayəndələri də bir sıra məqamlara toxunublar. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeydə alınan məsələlər barədə Baş Nazir Əli Əsədova və digər qurumlara rəsmi məktub hazırlandığını diqqətə çatdırıb.

Xatırladaq ki, Şəmkirdə fəaliyyət göstərən bir qrup istixana sahibi bu günlərdə sosial şəbəkələrdə bir sıra narazılıqları dilə gətirərək videomaterial paylaşıb. “Azəriqaz” İB baş verənlərə dərhal reaksiya verərək, onlarla görüşmək təşəbbüsü ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.