İQTİSADİYYAT
“Azəriqaz”: İstehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün tədbirlər davam etdirilir
Bakı, 29 oktyabr, AZƏRTAC
2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq şəbəkəyə ötürülən təbii qazın təzyiqinin tənzimlənməsi və normada saxlanılaraq istehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün 668 ədəd qaztənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılıb və ya əvəz edilib.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
“Açıq qapı” aksiyasında cari ilin 9 ayı ərzində görülmüş işlər barədə məlumat verən şöbə rəisi “Azəristiliktəchizat” ASC ilə “Azəriqaz” İB arasında olan debitor borcla bağlı son məlumatları da çatdırıb. İbrahim Kərbalayev qeyd edib ki, hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən görüşlərin nəticəsi olaraq “Azəristiliktəchizat” ASC tərəfindən debitor borc öhdəliyi götürülüb.
Birliyin Qəza Çağrı Xidmətinin rəisi Xalidə Şimşək isə cari ilin sentyabrında quruma daxil olan müraciətlərdən söz açıb. Qurum rəsmisi ötən ilin analoji dövrü ilə müqayisədə 23 min 49 müraciət az daxil olduğunu bildirib.
“Açıq qapı” aksiyasında daha sonra jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilib.