REGİONLAR
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 5-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Zaqatala rayonunda sakinlərlə görüşüb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Şəki, Ceyhun Şıxəliyev isə Balakən rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra jurnalistlərə açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, Azərbaycanda qazlaşdırma işləri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Bu il də dövlət büdcəsindən ayrılan vəsait hesabına bölgələrdə və Bakı şəhərində qazlaşdırma işləri görülür. Artıq son mərhələdəyik. Tamamlanma işləri gedir. Payız-qış mövsümünə hazırlıq məsələlərinə toxunan R.Əliyev qeyd edib ki, bütün əlaqədar strukturlara tapşırıq verilib, yerlərdə qeydə alınan narahatlıqlar vaxtında aradan qaldırılacaq.