REGİONLAR
“Azəriqaz” Masazırda səyyar formada xidmət göstərir
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir (ünvan: Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, poliklinikanın yanı. Xidmətin müddəti dekabrın 29-dək nəzərdə tutulur).
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. Vətəndaşlar bu layihə çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda bölgələr üzrə xidmətlər göstərməyə başlanılıb.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.