İQTİSADİYYAT
“Azəriqaz” Maştağada yeni daşıyıcı və məhəllədaxili qaz xətləri çəkir
Bakı, 19 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Maştağa qəsəbəsində daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilməsi işləri həyata keçirilir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz”ın başlıca vəzifələrindən biridir və bu istiqamətdə işlərin icrası davam etdirilir. Bakı şəhərində, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə yeni qaz sayğaclarının quraşdırılması işləri görülür.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən və “Daş karxanası” adlanan ərazidə istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri yenilənir, qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Təbii qaz itkilərinin qarşısının alınması məqsədi ilə yeraltı qaz xətləri yerin üstünə çıxarılır və yeni qaz tənzimləyici şkaflar quraşdırılır. Adıçəkilən ərazinin qaz təchizatı sisteminin yenidən qurulması üçün isə tərtib edilmiş layihəyə uyğun olaraq 20 min metrə yaxın daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilməsi işləri həyata keçirilir. Qısa vaxt ərzində görülən işlər başa çatdırıldıqdan sonra həmin ərazidə yaşayan abonentlər fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunacaqlar.