İQTİSADİYYAT
“Azəriqaz”: Qazdan istifadə qaydasında ən çox pozuntu paytaxtın payına düşür
Bakı, 27 may, AZƏRTAC
Aprel ayında gecə klubunda baş vermiş partlayışdan sonra aidiyyəti dövlət qurumlarının birgə yaradılmış İşçi Qrupunun obyektlərə keçirilən baxışı davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
Onun sözlərinə görə, bu günə qədər 2600-ə yaxın obyektdə yoxlanış keçirilib. Şöbə rəisi qeyd edib ki, yoxlamalar regionlar da daxil olmaqla Bakı və Abşeronu əhatə edir: “Qazdan istifadə qaydasında ən çox pozuntu paytaxtın payına düşür. Artıq yoxlamalar mütəmadi hal aldığı üçün əksər obyekt sahibləri əvvəlcədən tədbir görmüş olurlar. Bəzi obyekt sahibləri isə heç bir pozuntuya yol vermədiyi üçün yoxlanış rahat başa çatır. Araşdırma zamanı 420 müəssisədə qazdan istifadə qaydası pozulub. Ümumi olaraq 290 müəssisənin sayğacı çıxarılıb, 133 halda isə möhürlənərək qaz təchizatı dayandırılıb”.