İQTİSADİYYAT


“Azəriqaz”: Sayğaclara müdaxilə olunduğu zaman dərhal qüsur aktı tərtib edilir

Bakı, 30 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin Metrologiya Departamenti tərəfindən məişət və sənaye qaz sayğaclarının dövlət yoxlamasından keçirilməsi prosesi həyata keçirilir. Məişət qaz sayğacları hər 5 ildən bir, sənaye qaz sayğacları isə hər 3 ildən bir növbəti dövlət yoxlamasına verilir. Sayğaclara baxış keçirilərkən hər hansı bir müdaxilə halı aşkar olunarsa, istismar müddətindən asılı olmayaraq həmin sayğac dərhal çıxarılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz”ın Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.

O qeyd edib ki, abonentin qazsız qalmaması üçün əvəzinə yeni sayğac quraşdırılır: “Eyni zamanda, sayğacın çıxarılması ilə bağlı yerindəcə akt tərtib olunur və çıxarılma səbəbi göstərilərək abonentə bildirilir. Daha sonra sayğac xüsusi qutuya qoyulub, plomblanaraq Metrologiya Departamentinə göndərilir. Abonentə SMS bildirişi göndərilərək Departamentə dəvət olunur ki, müdaxilə halı olunan sayğaca baxış birgə həyata keçirilsin. Eyni prinsip sənaye sayğaclarına da aiddir. Müdaxilə olunduğu zaman eyni halda qüsur aktı tərtib olunur. Sayğaclar birmənalı olaraq sınaq qurğularına qoyulur və onların nisbi xətaları müəyyənləşdirilir. Məişət qaz sayğaclarında nisbi xətalar 3 pozisiyada yoxlanılır: maksimal, nominal və minimal sərfiyyatda. Maksimal və nominal sərfiyyatda norma xətası ±1,5 faiz, minimalda isə ±3 faizdir. Əgər nisbi xətalar norma daxilində olarsa, sayğac yararlı sayılır və yenidən istismara təhvil verilir. Sonda isə ətraflı rəy yazılır və sınaq qurğusunda olan nisbi xətanın nəticəsi əks olunur. Həmin rəy müvafiq olaraq rəsmi şəkildə icra üçün “Azəriqaz”ın İstehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilir”.

“Azəriqaz”ın İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev isə əlavə olaraq bildirib ki, sayğaclara müdaxilə zamanı qanunvericiliyə uyğun olaraq dəyən ziyanın hesablanması ilə bağlı məsələlərə baxılır və hesabat aparılır: “Bu hesabatların aparılması 13-cü maddəyə əsasən mayın 1-dən etibarən qüvvədə olan qaz haqqında qanun və qazdan istifadə qaydaları ilə aparılır. Dəyən ziyan hesablanarkən qaz sayğacının markası, qaz qurğularının maksimal gücü, abonentin əvvəlki aylarda istifadə etdiyi orta günlük sərfi və bu kimi bütün meyarlar nəzərə alınır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.