İQTİSADİYYAT
“Azəriqaz”: Yaxın günlərdə daha bir yenilik tətbiq olunacaq
Bakı, 13may, AZƏRTAC
Bu gün “Azəriqaz” İstehsalat Birliyi olaraq Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzində, regionlarda xidmət göstərən 14 “ASAN xidmət” mərkəzində abonentlərə 21 növ fərqli xidmət göstəririk. Abonent məmnunluğunun artırılması səbəbi ilə yaxın günlərdə daha bir yenilik abonentlərin xidmətində olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Şöbə rəisinin sözlərinə görə, göstərilən 21 xidmətin vətəndaşlar tərəfindən ən çox istənilən 8-i barədə, istənilən şəxs yaxın zamanda elektron xidmət formasında Birliyin rəsmi internet səhifəsinə müraciət edərək heç bir yerə getmədən, vaxt itirmədən gün ərzində həmin xidməti tam şəkildə elektron qaydada geri ala biləcək.
Media nümayəndəsinin sosial şəbəkə üzərindən ağıllı sayğacların quraşdırılması, həmin sayğacların harada istehsal olunması ilə bağlı ünvanladığı sualı Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cavablandırıb. “Bu işlərə 2021-ci ildə başlanılıb. İlk növbədə, pilot layihə olaraq bu qurğuların çoxmərtəbəli binalarda quraşdırılması təmin olunub. Bu, ilk dəfə olduğu üçün heç də asan proses deyil. Burada proqram təminatının qurulması və sair işlər mərhələli şəkildə görülməlidir”, - deyə şöbə rəisi bildirib. Həmçinin Rövşən Məhyəddinov bu prosesin ilkin olaraq podratçılar tərəfindən MTK tipli binalarda quraşdırıldığından hələ ki, bu qurğuların xaricdən alındığını qeyd edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev regionlarda hələ də bir sıra təhsil ocaqlarının qazlaşdırılmaması ilə bağlı suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, Birlik olaraq bu məsələdə bir sıra problemlə qarşılaşırıq. Ya sənədləşmə, ya da müraciət formaları düzgün aparılmır. “Təhsil Nazirliyi səviyyəsində müraciət daxil olmalıdır və bundan sonra biz həmin məktəbin şəraiti ilə tanış oluruq. Əgər orada qazanxana, standartlara uyğun şərait yoxdursa, “Azəriqaz” İstehsalat Birliyi olaraq həmin təhsil ocaqlarının qazlaşdırılmasına bizim ixtiyarımız yoxdur. Orada lazımi şəraitin olmaması istənilən an təhlükə yarada bilər. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaq üçün bu məsələlərə bir az həssas yanaşırıq”, – deyə şöbə rəisi vurğulayıb.