İQTİSADİYYAT
“Azəriqaz” səyyar “ASAN xidmət” çərçivəsində Zabratda səyyar formada xidmətlər həyata keçirir
Bakı, 14 avqust, AZƏRTAC
Səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.
İB-dən AZƏRTAC-a bildirilib ki, avqustun 14-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək (Zabrat qəsəbəsində icra nümayəndəliyi binasının yanında keçirilən xidmətin müddəti 30 gün - avqustun 14-dən sentyabrın 14-dəkdir).
İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Əsas hədəflərdən biri də regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlanılacaq.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.