İQTİSADİYYAT
“Azəriqaz” yerli istehsal olan sayğacların sınaq qurğularında yoxlanışını həyata keçirəcək

Bakı, 5 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işləri cari ilin may ayında başlayıb, oktyabr ayında isə yekunlaşıb. Burada kilometrlərlə qaz xətlərinin yenilənməsi, o cümlədən təbii qaz istehlakçılarının dayanıqlı, fasiləsiz təbii qazdan istifadə olunması məqsədilə zəruri tədbirlər görülüb ki, qış mövsümündə havalar daha da şaxtalı, qarlı keçdiyi bir dönəmdə təbii qaz təchizatında hər hansı bir problemimiz yaranmasın.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Şöbə rəisi, həmçinin qeyd edib ki, “Azəriqaz” tərəfindən qaz təchizatının verilməsi mövsümi xarakter daşımır: “İlin bütün fəsillərində tələbata uyğun təbii qaz istehlakçıları qazla təmin olunur. Noyabrdan etibarən sifarişçi tərəfindən qazanxanalara təbii qazın açılması üçün müraciətlər daxil olur ki, biz də həmin qazanxanalara təbii qazın verilişini istilik mövsümi ilə əlaqədar təmin etməyə tam hazırıq”.
Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov isə növbəti ildən smart-kart tipli qaz sayğaclarının alışının nəzərdə tutulmadığını bildirib: “Artıq “ağıllı sayğac”lar quraşdırılacaq və bunlar digər sayğaclardan daha üstündür”.
Şöbə rəisi, həmçinin ötən il noyabrın 4-də “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında məişət tipli qaz sayğaclarının gələcəkdə istehsalı ilə bağlı yoxlanışın aparılması, əməkdaşlığın qurulması ilə bağlı imzalanan memoranduma əsasən iki min ədəd qaz sayğacının artıq hazır olduğunu qeyd edib.
“Yaxın günlərdə hazırlanan sayğaclar təhvil götürüləcək və Birliyin Metrologiya Departamentində sınaq qurğularında yoxlanışı həyata keçiriləcək. Yoxlanışın nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”, - deyə qurum rəsmisi bildirib.