CƏMİYYƏT
“Azəriqaz”da Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 1 mart, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Bakı Regional Qazın Satışı Departamenti və Layihə Konstruktor Bürosunda 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Həyəcan siqnalı”nın verilməsi ilə başlayan tədbirdə yanğın, qəza, fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib.
Birliyin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zehin Rəsulov deyib ki, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdəndir və fövqəladə halların qarşısının alınması istiqamətində biliklər daim təkmilləşdirilməlidir.
Mülki müdafiə qərargahının rəisi Eltəkin Qurbanov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açaraq “Fövqəladə hallarda davranış qaydalarına düzgün əməl edilməsi və təhlükəsizliyin təmini hər bir işçinin məsuliyyətinin tərkib hissəsidir” mövzusunda mühazirə oxuyub.
Tədbirdə Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Nizami Abışov müvafiq mövzuda çıxış etdikdən sonra, mövzuya uyğun maarifləndirici videomateriallar nümayiş olunub. Adıçəkilən departamentin inzibati binasının birinci mərtəbəsinin foyesində fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilib. Təxliyyə zamanı işçilərdən zədə və xəsarət alan olmayıb.