İQTİSADİYYAT
“Azəriqaz”da “TÜV Austria Azərbaycan” təşkilatının iştirakı ilə sertifikatlaşdırma auditi öz işinə başlayıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-dən etibarən “Azəriqaz” İB-də “TÜV AUSTRIA”nın törəmə şirkəti olan “TÜV Austria Azərbaycan” MMC tərəfindən Beynəlxalq ISO standartları üzrə 5 sertifikata dair nəzarət auditi keçirilməsinə start verilib. Bu məqsədlə hər iki qurumun rəhbər şəxsləri arasında görüş keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” ölkə ərazisində aparılan genişmiqyaslı qazlaşma, mövcud qaz şəbəkələrinin əsaslı təmiri və yenidənqurma işləri ilə yanaşı, beynəlxalq idarəetmə sistemlərinin tətbiqi üzrə də bir sıra işlər həyata keçirir və hazırda bu işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarəetmə sistemləri”, ISO 45001 “Sağlamlığın, əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb və bu sistemlərin tətbiqi həyata keçirilib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında “Azəriqaz” planlaşdırılmış nəzarət auditinin keçirilməsi üçün hazırlıq işlərini tamamlayaraq auditin keçirilməsi məqsədilə lazımi şərait yaradıb.