CƏMİYYƏT
“Azəriqaz”da könüllü qanvermə aksiyası təşkil olunub
Bakı, 28 noyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyində (İB) könüllü qanvermə aksiyası keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində reallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü qanvermə aksiyasında “Azəriqaz”ın əməkdaşları da yüksək fəallıqla iştirak ediblər. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları müayinə etdikdən sonra qanvermə aksiyası başlayıb. Aksiya iştirakçıları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, bu kimi aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Ümumilikdə xeyriyyə aksiyasında 390 nəfər könüllü qan verib.
Aksiya iştirakçılarından tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.