CƏMİYYƏT
“Azəriqaz”da koronavirus epidemiyasının yayılması ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyində yeni növ koronavirus epidemiyasının yayılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azəriqaz”ın idarə, departament və şöbələrində çalışan işçi personal iştirak edib. Yeni növ virusla bağlı çıxış edən SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin rəisi Nizami İsmayılov xəstəliyin simptomları, onun yayılma və ondan qorunma yolları barədə ətraflı məlumat verib. Bildirib ki, bu xəstəlik əhalinin sıx yaşadığı yerlərdə daha sürətlə yayılır. Xəstəliyin gizli dövrünün 2-3, bəzən 7 gün, hətta 14 gün çəkdiyini deyən mütəxəssis immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da vurğulayıb.
N.İsmayılov xəstəlikdən qorunmaq üçün ilk növbədə, profilaktik tədbirlərin vacibliyini önə çəkərək dezinfeksiyaedici vasitələrdən istifadə etməyi və hər hansı bir şübhəli hal müşahidə etdikdə dərhal həkimə müraciət etməyi tövsiyə edib.