İQTİSADİYYAT
“Azəriqaz”da onlayn vətəndaş qəbulu və sosial şəbəkə üzərindən canlı yayım keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Hacıqabul rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Şirvan şəhəri, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Sabirabad rayonu sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Birlikdən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişlərinə dair və sair müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Salyan Regional Qaz İstismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.
Bu gün birliyin baş direktor R.Əliyev “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib. O, abonentləri maraqlandıran sualları cavablandırıb. Daha sonra isə qaz təsərrüfatına aid bəzi hüquqi məsələlərlə bağlı məlumatların çatdırılması üçün birliyin Hüquq departamentinin rəisi Vüqar Eyvazov da canlı yayıma qoşulub.
Ümumilikdə, yayım zamanı sayğac əvəzlənmələri, qazlaşdırılmasına ehtiyac duyulan yeni massivlər və sair səpkili suallar ünvanlanıb. “Azəriqaz” İB-nin baş direktoru belə görüşlərin mütəmadi - hər həftənin 5-ci günü saat 14:00-da olacağını, cavablandırılmasına vaxt çatmayan bütün müraciətlərin isə araşdırılacağını deyib.