İQTİSADİYYAT


“Azəriqaz”ın baş direktoru “Caspian Energy Club”un üzvləri ilə görüşüb

Bakı, 6 avqust, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”un üzvləri ilə görüşüb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, qurumun təşkil etdiyi “Online Round Table” çərçivəsində COVID-19 pandemiyası dövründə sahibkarların “Azəriqaz” İstehsalat Birliyi ilə əməkdaşlıq üzrə sual və təklifləri müzakirə olunub.

R.Əliyev deyib: “Təkcə bu ilin altı ayı ərzində görülən işlərə nəzər yetirsək, nəticələr qənaətbəxşdir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə bütün sahələrdəki kimi, bizim də problemlərimiz olub. Çalışmışıq ki, səylə işləyək, abonentlərin müraciətlərini vaxtında, qüsursuz icra edək”.

Baş direktor qeyd edib ki, iyul ayının 1-nə olan statistikaya görə, İstehsalat Birliyində qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 nəfər təşkil edir. 2020-ci ildə 14 yeni yaşayış massivi qazlaşdırılıb, 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir. Altı ay ərzində 583,1 kilometr uzunluğunda yeni qaz xətti çəkilib. “104 Operativ Xidmət” şöbəsi hesabat dövründə 574 min 697 müraciət qəbul edib. Xüsusi karantin rejimi tətbiq olunan vaxtlarda müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib. “ASAN Kommunal”, “ASAN xidmət” və “KOB Evi” mərkəzləri vasitəsilə 6 ayda 121 min 733 müştəri müraciətinə baxılıb.

Sonda “Caspian Energy Club” üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb. Telman Əliyev üzv şirkətlərin top-menecerləri adından açıq və səmimi müzakirələrə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Online Round Table” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən sahibkarların problem və təkliflərinin müzakirəsi üçün “Caspian Energy Club” tərəfindən yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.