REGİONLAR
“Azəriqaz”ın baş direktoru Gədəbəy rayonunun Qoşabulaq kəndində qazlaşdırma işləri ilə tanış olub
Bakı, 2 avqust, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) Gədəbəy rayonunun Qoşabulaq kəndində “Açıq mikrofon” aksiyası keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, həmin aksiyada vətəndaşlar Birliyin baş direktoru Ruslan Əliyevə müraciət edərək yaşadıqları kəndə təbii qaz verilməsini xahiş ediblər. Sakinlərin müraciətlərinə cavab olaraq Birlik rəhbəri adıçəkilən kəndin qazlaşdırılması üçün aidiyyəti üzrə şöbələrə göstəriş verib və tez bir zamanda qazlaşdırma işlərinə başlanılıb.
Gədəbəy rayonunda vətəndaş qəbulu keçirən Ruslan Əliyev görüşdən sonra aparılan qazlaşma işləri ilə tanış olmaq üçün Qoşabulaq kəndinə gedib. Kənd sakinləri və qazlaşma işlərini aparan əməkdaşlarla görüşən Birlik rəhbəri işlərin daha da sürətləndirilməsinə və havalar soyuyana qədər başa çatdırılmasına göstəriş verib. Kənd sakinləri onlarla səmimi söhbətinə və kəndin qazlaşdırılmasını nəzarətdə saxladığına görə baş direktora öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Qoşabulaq kəndində 370 sakin yaşayır. Kəndin qazlaşdırılması üçün 46 min metr daşıyıcı və paylayıcı qaz kəmərinin çəkilişi nəzərdə tutulur.