İQTİSADİYYAT


“Azəriqaz”ın fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

Bakı, 30 iyul, AZƏRTAC

“Azəriqaz” İB-də müştəri məmnuniyyəti və göstərilən xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə aparılmış sorğunun nəticələrinin elan olunması, həmçinin QHT və media nümayəndələrinin suallarının cavablandırılması ilə əlaqədar “Açıq qapı” aksiyası keçirilib.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada Birliyin baş direktoru Ruslan Əliyev, QHT və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, eləcə də abonentlər arasında sorğunun aparılmasını həyata keçirən “QBS Consulting” MMC-nin nümayəndəsi Valeh İsmayılov da iştirak ediblər.

Ruslan Əliyev qeyd edib ki, belə aksiyaların keçirilməsi abonentlərlə əməkdaşlarımız arasında operativlik və şəffaflığın təmin olunmasına, eyni zamanda, müştəri məmnuniyyətinin artırılmasına hesablanıb.

Valeh İsmayılov aparılmış sorğunun nəticələri barədə ətraflı məlumat verərək bildirib ki, bu sorğu İB-nin “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində göstərdiyi xidmətlərin, “104/185” Çağrı mərkəzinin fəaliyyətinin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə həyata keçirilib.

Sorğu “Azəriqaz” abonentləri arasından təsadüfi qaydada seçilmiş 1870 nəfərlə telefon vasitəsilə, habelə ictimai yerlərdə 210 nəfərlə üzbəüz formada olmaqla, ümumilikdə 2080 nəfər arasında aparılıb.

İctimai yerlərdə keçirilmiş 210 sorğunun 136-sı Bakı şəhərinin, 40-ı Gəncə şəhərinin, 34-ü isə Şamaxı rayonunun payına düşüb. Həmçinin Bakı şəhərində yerləşən 3 “Asan Kommunal” mərkəzində göstərilən xidmətlərin yerində qiymətləndirilməsi məqsədilə bu mərkəzlərdə “gizli müştəri” qismində müşahidələr aparılıb. Ümumilikdə sorğunun nəticələri müsbət qiymətləndirilib.

Aparılan sorğunun nəticəsi barədə media nümayəndələrinin suallarını cavablandıran Birlik rəhbəri sosial şəbəkə üzərindən daxil olan müraciətlərin araşdırılması barədə göstərişlərini verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.