MƏDƏNİYYƏT


“Azəris” icması Klaypedada beynəlxalq festivalda çıxış edib

Klaypeda, 21 sentyabr, AZƏRTAC

Klaypeda Şəhər Bələdiyyəsi yanında Milli Mədəniyyətlər Mərkəzi bu günlərdə Azərbaycan, Latviya, Ukrayna, Belarus və Litvanın milli icmalarının nümayəndələrini səmimiyyətlə qarşılayıb.

AZƏRTAC xəbər verir ki, VI “Milli Mədəniyyətlər Günü” festivalında ölkəmizi Klaypedada Əliağa Məmmədovun sədrliyi ilə fəaliyyət göstərən “Azəris” Azərbaycan icması təmsil edib.

Ənənəvi festival 2017-ci ildə Litvanın mədəniyyət paytaxtına - Klaypedaya həsr olunub.

Bu məqsədlə Dane çayı yaxınlığındakı bağda milli icmaların ticarət çadırları qurulub. Azərbaycan icmasının çadırında milli geyimli diaspor nümayəndələri festivalın qonaqlarına suvenirlər, müxtəlif mallar və milli mətbəxin yeməklərini təqdim ediblər.

Festivalın rəsmi açılışında şəhərin meri Ritautas Qrublyauskas, Litva Seyminin üzvü İrina Rozova, Belarusun Klaypedadakı fəxri konsulu Nikolay Loqvin çıxış edərək, müxtəlif millətlərin nümayəndələrini bir araya gətirmək üçün səy göstərmiş təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər müxtəlif dinlərə etiqad edən, müxtəlif dillərdə danışan və müxtəlif adət və ənənələri olan insanların Klaypedada vahid ailə kimi mehriban şəraitdə yaşamasına şərait yaradıldığına görə təşəkkür ediblər.

“Azəris” Azərbaycan bazar günü məktəbinin yetirmələri Rəna Məmmədovanın rəhbərliyi ilə “Ay qaşı-gözü qara qız”, “Sən güləndə”, “Azərbaycan təranələri” rəqslərini ifa ediblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Klaypeda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.