REGİONLAR
“Azərişıq” 28 May qəsəbəsində yeni şəbəkə qurur
Bakı, 22 yanvar, AZƏRTAC
“Azərişıq” ASC Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində istismara yararsız, kortəbii formada çəkilmiş naqillərin yenisi ilə əvəzlənməsi, son illərdə salınmış bir neçə qəsəbənin elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a bildirib ki, bu işlər Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin fasiləsiz və dayanıqlı enerji enerjisi təchizatının təmin olunması məqsədi daşıyır. Şəbəkənin yenidən qurulması üçün görülən işlər isə təhlükəsizlik normalarının tələb etdiyi kimi, bir sıra qəsəbələrdə növbə ilə elektrik təchizatının müvəqqəti dayandırılması ilə müşayiət olunur.
“Xırdalan şəhəri və ətraf qəsəbələr son illər xeyli böyüyüb, yeni yaşayış massivləri salınıb. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq yeni yaşayış massivlərinin salınması zamanı tikintilərin kortəbii aparılması, infrastrukturun olmadığı ərazilərdə evlərin tikilməsi orada məskunlaşan əhalinin elektrik enerjisi ilə təchizatını çətinləşdirib. Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, “Atyalı”, “Quşçuluq” və digər yaşayış massivlərində sakinlərin elektrik təchizatında illərdir problemlər hökm sürürdü. Bu ərazilərdə özbaşına elektrik xətləri çəkilib, bir çox hallarda yüksəkgərginlikli xətlərin altında evlər tikilib. Bundan əlavə, xətlər həyətlərdən keçir və transformatorların ifrat yüklənməsi baş verir. “Azərişıq” ASC bütün ölkəboyu elektrik şəbəkəsinin yenidən qurulması proqramına uyğun olaraq bu ərazilərdə də ötən ildən başlayaraq genişmiqyaslı işlər görür. Əməkdaşlarımız həmin ərazilərdə mürəkkəb şəraitdə işləyirlər. Çünki evlər bir-birinə çox yaxın tikilib, yollar darısqaldır və yüksəkgərginlikli xətlərin, dayaqların yenilənməsi üçün texnikanın işləməsi çətinləşir. Buna baxmayaraq, işlər yekunlaşmaq üzrədir”, - deyə o qeyd edib.
“Azərişıq” rəsmi deyib ki, aparılan yenidənqurma işlərinə görə bu qəsəbələrdə növbə ilə elektrik təchizatı dayandırılır. ASC vaxtaşırı bu barədə elanlar verir, o cümlədən 28 May qəsəbəsinin sakinlərini elektrik enerjisi təchizatında yaranan məcburi fasilələrə görə xəbərdar edir. Sakinlər nəzərə almalıdır ki, bu fasilələr onların elektrik enerjisi ilə normal təchizatı, yaşadıqları ərazilərdə şəbəkənin yenidən qurulması üçündür.
ASC görülən işlər çərçivəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində, Binəqədi rayonu, 28 May qəsəbəsində, Hökməlidə və digər ərazilərdə yüksəkgərginlikli hava xətlərini, transformatorları, dayaqları, istismara yararsız naqilləri yeniləyir. Hazırda bu ərazilərdə, o cümlədən 28 May qəsəbəsində gərgin iş gedir.