HEYDƏR ƏLİYEV - 100


“Azərişıq” ASC Şuşada beynəlxalq elmi-praktiki konfrans keçirib

“Azərişıq” ASC Şuşada beynəlxalq elmi-praktiki konfrans keçirib

Bakı, 16 mart, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni, bu günü, sabahı” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Azərişıq” ASC-nin Şuşada təşkil etdiyi konfransdan öncə tədbir iştirakçıları Bakıda Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

ASC-dən AZƏRTAC-a bildirilib ki, konfransda dövlət qurumlarının rəsmiləri ilə yanaşı, Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstandan gəlmiş nümayəndələr iştirak ediblər.

Konfransı açan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1970-1980-ci illərdə elektroenergetika sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlar indi də bu sistemdə və şəbəkələrinin rəqəmsallaşdırılmasında sağlam təməl rolunu oynayır.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov beynəlxalq elmi-praktiki konfransın bu qədim diyarda keçirilməsini tarixi hadisə adlandırıb.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sahəsindəki rolundan bəhs edən sənədli film nümayiş olunub.

Konfrans iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının xüsusi diqqəti və nəzarəti altında aparılan genişmiqyaslı yenidənqurma işləri, elektroenergetika sahəsinin müasir tələblər əsasında qurulması haqqında geniş məlumat verilib.

Qonaqlar arasında yer alan keçmiş mer Oleq Budarqin maraqlı faktı açıqlayıb. Bildirib ki, sovet dövründə siyasi hakimiyyətdə olan Heydər Əliyev tərəfindən Narinsk şəhərinin meri təyin edilib. Tədbirin əhəmiyyətinə də toxunan Oleq Budarqin Şuşada keçirilən bu beynəlxalq konfransı Davos dünya iqtisadi forumu ilə müqayisə edib.

Həmçinin konfrans iştirakçılarına “Qarabağ - Yaşıl enerji zonası” tələblərinin beynəlxalq normalarının müasir texnologiyalar və innovativ həllərlə tətbiqi, elektroenergetika sistemi və şəbəkələrində ekoloji amillərin nəzərə alınması, həyata keçirilən mühüm texniki-iqtisadi tədbirlər haqqında da ətraflı məlumat verilib.

Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə işğaldan azad edilmiş ərazilərdə rəqəmsallaşma proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir şəbəkə quruculuğu indikatorlarının müəyyən edilməsi və tətbiqi istiqamətində müştərək metodik vəsaitlər və elmi araşdırmaların hazırlanması qərara alınıb.

Konfransdan sonra Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya təşkil edilib, tədbir iştirakçılarını maraqlandıran suallar təfərrüatı ilə cavablandırılıb.

Elektrik şəbəkələrinin rəqəmsallaşdırılması istiqamətində hazırda atılan addımlar və gələcəkdə həyata keçiriləcək islahatların elmi-texniki və iqtisadi aspektlərinin beynəlxalq ekspertlərlə mütəmadi təcrübə mübadiləsinin, iştirakçı ölkələrdə təsdiq edilmiş tematikalar üzrə fikir mübadilələrinin təmin edilməsi haqqında razılıq əldə olunub, “Beynəlxalq energetiklərin Şuşa təşəbbüsü” adlı sənəd hazırlanaraq konfrans iştirakçılarına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.