İQTİSADİYYAT
“Azərişıq” ASC tərəfindən Bakı və ətraf qəsəbələrin qışa hazırlıq işləri aparılır
Bakı, 28 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən Bakı və ətraf qəsəbələrin qışa hazırlıq işləri aparılır. Bu məqsədlə son beş ayda ciddi işlər görülüb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının elektrik təchizatının yaxşılaşdırılması, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binalarının, təhsil, tibb, iaşə və digər təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin edilməsi üçün Rəşid Behbudov küçəsində 35/6 kilovoltluq (kv) 2x25 meqavat-amper (MVA) gücündə 87 saylı, Rixard Zorge bağında 35/10 kv-lıq 2x25 MVA gücündə 86 saylı müasir tipli, tam qapalı yarımstansiyalar inşa edilib.
Paytaxtın digər ərazisi olan Nərimanov rayonunun Molla Cuma küçəsində 35/10 kv-lıq 2x25 MVA gücündə 219 saylı, M.Nağıyev küçəsində 35/6 kv-lıq 2x25 MVA gücündə 221 saylı yeni yarımstansiyalar tikilib istismara verilib. Yarımstansiyalarda müasir tipli vakuum və eleqaz avadanlığı, elektron tipli rele mühafizəsi və avtomatika sistemi quraşdırılıb.
Bakıətrafı kənd və qəsəbələrin elektrik təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi səylər göstərilir. Yerlərdə elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün Bakı-Kürdəxanı yolu üstündə 35/10 kv-luq 2x10 MVA gücündə “Məhəmmədi” yarımstansiyası inşa edilib. Abşeron rayonun Fatmayı qəsəbəsinin elektrik təchizatının yaxşılaşdırılması üçün 35/6 kv-luq 2x6, 3 MVA gücündə “Fatmayı” yarımstansiyası inşa edilərək istismara verilib.
Bundan başqa enerji paylanmasında keyfiyyətin artırılması üçün bir çox kənd və qəsəbələrdə müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb. Yeni elektrik güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Kompleks transformator məntəqələrinin quraşdırılması fərdi yaşayış və bağ massivlərində xeyli sayda şəxsi transformatorların yığışdırılmasına və elektrik təchizatının yaxşılaşdırılmasına səbəb olub.
Hazırda “Azərişıq” ASC tərəfindən qışa hazırlıq işləri davam etdirilir.