İQTİSADİYYAT
“Azərişıq”: Ağdamın Çıraqlı kəndində ermənilərin dağıtdığı elektrik təsərrüfatı yenidən qurulub
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın tarixi Qələbəsindən sonra “Azərişıq” ASC Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təmas xəttinə ən yaxın yaşayış məntəqəsi olduğundan Ağdamın Çıraqlı kəndindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəymişdi.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsi zamanı kəndə çox sayda top və qrad mərmiləri atılıb ki, fərdi yaşayış evlərinə o cümlədən, elektrik enerjisi təchizatı şəbəkəsinə ciddi ziyan dəyib. Lakin müharibə bitdikdən sonra kəndlərdə dağılmış evlərə dəyən zərərin Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0,4 kilovoltluq elektrik şəbəkəsinin yenidən qurulmasına başlanılıb və hazırda işlər tamamilə yekunlaşıb.
Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar basdırılıb, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.