İQTİSADİYYAT


“Azərişıq” Binəqədinin bir neçə qəsəbəsində elektrik enerjisi şəbəkəsini yenidən quracaq

Bakı, 5 fevral, AZƏRTAC

“Azərişıq” ASC Bakının Binəqədi rayonunun bir sıra qəsəbələrində elektrik enerjisi şəbəkəsinin yenidən qurulmasına başlayır.

ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə müasir KTM-lər (Kompleks Transformator Məntəqəsi), SİP-kabellər, elektrik dirəkləri və digər zəruri mal-materiallarla yüklənmiş avtomobil karvanları “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə yola salınıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, son illər həmin qəsəbələr sürətlə böyüyüb, çoxlu sayda yeni yaşayış məhəllələri salınıb: “Lakin zəruri infrastruktur yaradılmadan həyata keçirilən kortəbii məskunlaşmanın nəticəsi olaraq bu ərazilərdə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatında da problemlər yaranırdı. Çünki köhnə xətlər və transformatorlar abonentlərin sayının sürətlə artması nəticəsində yaranan ifrat yükləməyə davam gətirmirdi, habelə elektrik enerjisinin itkiləri artırdı”.

“Son illərdə Prezident İlham Əliyevin Azərbaycanda hər bir abonentin 24 saat elektrik enerjisi ilə fasiləsiz təchiz olunmasına dair qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, “Azərişıq” ASC tərəfindən həm ölkənin regionlarında, həm Bakı ərafında yeni salınan qəsəbələrdə elektrik enerjisi şəbəkələrinin yenidən qurulması həyata keçirilir. Masazır, Məhəmmədi, Yeni Saray, Ceyranbatan və digər ətraf qəsəbələrdə işlər artıq yekunlaşıb. İndi isə Binəqədi rayonunun ərazisində yeni salınmış qəsəbələrin və məhəllələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Bu məqsədlə “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından müasir avadanlıqlarla, zəruri mal-materiallarla yüklənmiş 12-yə qədər ağırtonnajlı yük maşını karvan şəklində həmin qəsəbələrə göndərilib”, - deyə T.Mustafayev bildirib.

Onun sözlərinə görə, işlərin görüləcəyi ərazilərə 14 KTM, 3 min kilometr izolyasiyalı kabel, 8 kilometr yüksək gərginlikli elektrik xətti, yeraltı elektrik xətləri üçün kabel, 1700 ədəd dəmir-beton dayaqlar və digər materiallar göndərilib: “Bu, 2019-cu ilin tədbirlər planı əsasında həyata keçiriləcək yenidənqurma və təmir-tikinti işləri ilə bağlı yola salınan ikinci yük karvanıdır. Bundan əvvəl, yanvarın 30-da Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə yeni avadanlıqlar, mal-materialla yüklənmiş maşın karvanı yola salınmışdı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.