İQTİSADİYYAT
“Azərişıq” Goranboyun dağ kəndlərində yenidənqurma işləri görüb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kilovoltluq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 kilometr məsafədə metal dayaqlarla yenidən inşa edilib. Kənd daxilində 4 min 500 metr izolyasiyalı naqillərlə 0,4 kilovoltluq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəzlənib.
Buzluq kəndi daxilində 5 min 500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunmaqla 10 kilovoltluq şəbəkə yenidən qurulub, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.
Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı 1960-cı illərdə qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.