İQTİSADİYYAT


“Azərişıq” Qarabağda” layihəsi - işğaldan azad olunan ərazilərdə yeni güc mərkəzləri yaradılacaq

Bakı, 26 oktyabr, AZƏRTAC

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də genişmiqyaslı işlər görülür.

Hazırda ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kilovoltluq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlayıb.

“Azərişıq” ASC əmindir ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə etməklə bu işin də öhdəsindən layiqincə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.