İQTİSADİYYAT
“Azərişıq” Qurban bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Bakı, 30 avqust, Elvira Məmmədova, AZƏRTAC
“Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a bildirib ki, həmişə olduğu kimi, “Azərişıq” tərəfindən Qurban bayramı günlərində də enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə ASC-nin mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaq. Ölkə üzrə cəmiyyətin tabeliyində olan xidmət sahələrində və avtonəqliyyat xidmətlərində növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb. Şəhərlərdə, rayon, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problemlə əlaqədar abonentlər 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat verə bilərlər.