REGİONLAR
“Azərişıq” Səyyar “ASAN xidmət” vasitəsilə Şirvanda yeni layihə həyata keçirir
Bakı, 21 fevral, AZƏRTAC
“Azərişıq” ASC Səyyar “ASAN xidmət” vasitəsilə Şirvan Rayon Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) yeni layihə həyata keçirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” uzun müddətdir bölgələrdə yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır. Yeni güc mərkəzləri yaradılır, 0,4 kilovoltluq (kV) paylayıcı şəbəkələr yenidən qurulur. Vətəndaşların keyfiyyətli, fasiləsiz və dayanaqlı elektrik enerjisi ilə təchiz edilməsini qarşıya məqsəd qoyan “Azərişıq” ASC yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatını fərdi qaydada yenidən qurur.
Şirvan şəhərin şimal-şərq hissəsində bələdiyyə fondundan fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri satılsa da, yeni yaşayış massivinin enerji təchizatı şəbəkəsi qurulmayıb. Bunun müqabilində isə həmin işlərin vətəndaşların vəsaiti hesabına görüləcəyi şərti ilə bələdiyyə və vətəndaşlar arasında torpaqların alqı-satqı müqaviləsi bağlanılıb. Ərazidə son 10 il ərzində 2 mindən çox fərdi yaşayış evi tikilib. Bəzi evlərə texniki şərt alınaraq pərakəndə şəkildə qeyri-standart elektrik verilişi xətləri çəkilsə də, ”Elektrik Enerjisindən İstifadə Qaydalarına” riayət edilməyib. Bu isə bir sıra çatışmazlıqlara, həmçinin qəzalara və bununla da ciddi itkilərə səbəb olub. Eyni zamanda, həmin ərazidəki xeyli sayda ev bu günədək işıqsız qalırdı.
“Azərişıq” ASC-nin yeni yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması layihəsi əsasında 2017-ci ilin sonundan başlayaraq, Şirvan şəhərində genişmiqyaslı işlər aparılır. Artıq şəhərin Ç.Mustafayev küçəsində 44, Ə.Kürçaylı küçəsində isə 40 fərdi yaşayış evinin 0,4 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulub. Eyni zamanda, güc mərkəzləri yaradılaraq əraziyə hava elektrik verilişi xətləri çəkilib. Yeni istehlakçıların texniki şərt əsasında şəbəkəyə qoşulması “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilib. Ötən müddət ərazində 18 vətəndaş Sabirabad “ASAN xidmət” Mərkəzinə müraciət edərək texniki şərt alıb və dərhal onların fərdi yaşayış evlərində sayğac quraşdırılaraq enerji təchizatı təmin edilib. Bununla yanaşı, vətəndaşların elektrik şəbəkəsinə qoşulmasının kütləviliyi nəzərə alınaraq, müraciətlərin daha çevik həlli üçün səyyar “ASAN xidmət” əraziyə ezam olunub. Artıq bir neçə gündür ki, yeni yaşayış massivinin sakinləri “ASAN xidmət” vasitəsilə elektrik təchizatı şəbəkəsinə qoşula bilirlər. Yaxın müddətdə digər abunəçilərin də bu yolla “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması təmin ediləcək.