REGİONLAR
“Azərişıq” regionlarda yeni layihəyə başlayıb VİDEO
Bakı, 1 mart, AZƏRTAC
“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
İmişli və Füzuli rayonları elektrik şəbəkəsi ərazisində də yenidənqurma işləri davam edir.
Layihə çərçivəsində İmişli rayonunun Mirli kəndində 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. Artıq bunlardan 2-si istismara verilib. 8 kilometrə yaxın 0,4 kV-luq, 2 kilometrdən çox 10 kV-luq xətlər yenilənib. Ümumilikdə isə yenilənəcək 0,4 kV-luq elektrik xətti 13 kilometrdən, 10 kV-luq elektrik xətti isə 18 kilometrdən çox olacaq. Mirli kəndinin 188 abonent var.
İmişlinin Qaravəlli kəndində isə 7 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. 14 kilometrdən çox 0,4 kv-luq, 15 kilometrə yaxın 10 kV-luq elektrik xətləri yenilənəcək. Qaravəlli kəndinin 212 abonenti var.
İmişli ilə yanaşı Aran RETSİ-nin ərazisində yerləşən Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də yenidənqurma işləri həyata keçirilir. İlk məqsəd işğaldan azad edilmiş bu ərazidə “N” saylı hərbi hissəyə yeni elektrik xəttinin çəkilişini həyata keçirməkdir. Layihə çərçivəsində hərbi hissəyə yeni 35/0,4 kilovoltluq hava verilişi xətti çəkilir.
Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kilovoltluq yarımstansiyadan götürən bu xəttin uzunluğu 22 kilometrdir.
Qeyd edək ki, ərazi təhlükəli olduğundan əvvəlcə minadan təmizləmə işləri aparılıb.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.