İQTİSADİYYAT
“Azərişıq”ın “ASAN xidmət” vasitəsilə daha bir xidməti fəaliyyətə başlayıb
Bakı, 7 iyun, Elvira Məmmədova, AZƏRTAC
“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı daha bir xidməti fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 7-də “Azərişıq” ASC-nin Tədris Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Əvvəlcə yeni xidmətin fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədris Mərkəzinin direktoru Vüqar Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, istehlakçının işini asanlaşdıran yeni xidmət sayəsində vaxta və büdcəyə qənaət ediləcək, keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək.
“Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli isə qeyd edib ki, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün indi ən yaxşı yol “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq və “Azərişıq” ASC-nin “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətindən faydalanmaqdır. Bunun üçün istehlakçılardan “ASAN xidmət” mərkəzlərinə yalnız şəxsiyyət vəsiqəsi təqdim etmək tələb olunur. Belə ki, artıq zavod, fabrik, müəssisə, təşkilat, şirkət, ofis, bağ, villa bir sözlə özəl sektorda, o cümlədən şəxsi mülkiyyətdə olan bütün kommersiya, kənd təsərrüfatı, sənaye və digər sahələrdəki istehlakçılar, balansındakı elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsini daha asan yolla və peşəkarlara həvalə edərək, həll edə biləcəklər.
Məlumat verilib ki, bu xidmət vasitəsilə abonentlərə kabel xətlərinin diaqnostikası, zədələrin təyini, istənilən hava şəraitində xətlərə baxış, ağacların budaqlarının neytrallaşdırılması, köhnə dayaqların dəyişdirilməsi, ildırımdan mühafizə troslarının ölçülməsi, transformatorlara baxış, yağ əlavəsi, gərginliyin nizamlanması, açıb-qoşma əməliyyatları, özəl müəssisələrin balansında olan yarımstansiyalarda daimi növbətçiliyin təşkili, açarların dəyişdirilməsi, ölçü cihazlarının quraşdırılması və ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Bu xidmətin abonent üçün kifayət qədər üstünlükləri və xeyri var. Məsələn, istehlakçının balansında olan yeraltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir. Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxt ərzində təyin edilməsini bütün maddi texniki bazası mövcud olan “Azərişıq”dan kənar elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonra lazım olan mal-materialın axtarılaraq alınması, iş aparmaq üçün elektriki kəsməsinə icazə almaq, yeraltı kabeldirsə ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı, ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır. Lakin bu iş “Azərişıq” ASC-nin peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır. Bundan əlavə, vaxta qənaət edilir, israfçılığa yol verilmir, eyni zamanda, keyfiyyətlilik və dayanıqlılıq təmin edilir.
“Azərişıq” ASC bundan sonra da istehlakçıların işinin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması və abonentlərin məmnunluğu üçün fəaliyyətini davam etdirəcək.