MƏDƏNİYYƏT
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində növbəti tədbir Gənclər Gününə həsr olunub
Bakı, 1 fevral, AZƏRTAC
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 2 fevral - Gənclər Günü münasibətilə “Bugünkü gənclərin mütaliə mədəniyyəti müstəqil Azərbaycanın inkişafına istiqamətlənir” adlı tədbir keçirilib.
“Azərkitab”dan AZƏRTAC-a bildirilib ki, qurumun layihə rəhbəri Sabir Həsənov gənc nəslin milli ruhda yetişdirilməsi və onların nitq və təfəkkürünün formalaşmasında mütaliənin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, respublikada ilk böyük kitab mərkəzini yaratmaqda məqsəd kitaba dönmək, cəmiyyətdə kitaba marağın artırılması və insanların həyatında onun yerini və rolunu yüksəltməkdir. S.Həsənov rəhbəri olduğu qurumda gənc istedadların üzə çıxarılması məqsədilə müsabiqələr, sərgilər, təqdimatlar keçirdiyini, eyni zamanda, aztəminatlı tələbələr, qaçqın və məcburi köçkünlər üçün kitab aksiyaları təşkil olunduğunu söyləyib.
Natiq vurğulayıb ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Gənclər Günü Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının göstəricisidir.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə qeyd olunduğunu vurğulayan S.Həsənov, deyib ki, Azərbaycanda hər il bugünkü gün bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər özlərinə yekun hesabatı verirlər.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, elm adamları, o cümlədən gənc nəslin nümayəndələri də iştirak ediblər.