CƏMİYYƏT
“Azərkosmos“ ASC-də Milli Qurtuluş Günü ilə əlaqədar qanvermə aksiyası keçirilib
Bakı, 14 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 14-də “Azərkosmos” ASC-də B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının dəstəyi ilə “Qan ver, həyat bəxş et!” devizi altında qanvermə aksiyası keçirilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, şirkətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirilən aksiya 15 iyun – Milli Qurtuluş Gününə həsr olunub. Aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi daşıyıb. Könüllülük prinsipinə əsaslanan aksiyada “Azərkosmos”un əməkdaşları ilə yanaşı, “Azərpoçt” MMC-nin əməkdaşları da iştirak edib.
Dünyada hər iki saniyədə bir nəfərin qana ehtiyacı olur. Qan donorluğu nəinki həmin insanların həyatını xilas edir, həm də donorun özünün sağlamlığına müsbət təsir göstərir. Belə ki, qanvermə ürək-damar xəstəlikləri və şəkərli diabet riskini azaldır və immun sistemini möhkəmlədir.