İQTİSADİYYAT
“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb
Bakı, 2 iyul, AZƏRTAC
“Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4,2 metr olan yerüstü anten quraşdırıb. “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.
Kosmik texnika mühəndisliyi sahəsində yüksək təcrübəyə malik olan “Satelliteherd” şirkəti ƏYPİM-də quraşdırılan anten sayəsində peyklərdən düzgün siqnalların qəbulu üçün etibarlı və müasir həllər təqdim edəcək.
“Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, “Satelliteherd” şirkəti ilə peyk həlləri sahəsində fəal əməkdaşlıq edəcəyimizə əminəm”, - deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
"Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin unikal və əlverişli mövqeyi bizə bu il və növbəti illər ərzində kommersiya fəaliyyəti göstərən peyklər üçün daha da etibarlı xidmət göstərməyimizə imkan verəcək”, - deyə “Satelliteherd” şirkətinin beynəlxalq biznes üzrə icraçı vitse-prezidenti Liçenq Yanq bildirib.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.