İQTİSADİYYAT
“Azərkosmos” “Fotoqrammetriya və Yerin Məsafədən Müşahidəsi üzrə Beynəlxalq Elmi Cəmiyyət”ə üzv olub
Bakı, 30 iyul, AZƏRTAC
“Azərkosmos” ASC “Fotoqrammetriya və Yerin Məsafədən Müşahidəsi üzrə Beynəlxalq Cəmiyyət”in (ISPRS) üzvlüyünə qəbul edilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 1910-cu ildə yaradılmış ISPRS cəmiyyəti sahəsi üzrə ilk təşkilat hesab olunur. ISPRS fotoqrammetriya, məsafədən müşahidə və məkan məlumatlarını əhatə edən sahələrdə fəaliyyət göstərən 200-dək üzv qurum, assosiasiya, şirkət, elm və təhsil mərkəzlərini özündə birləşdirir və onlar arasında əməkdaşlıq münasibətlərini gücləndirir. ISPRS-də elmi tədqiqatla məşğul olan tədqiqatçılar, mühəndis və mütəxəssislər bir araya gələrək peyk və aero təsvirlər vasitəsilə həllər üzərində çalışır, Yerin məsafədən öyrənilməsi problemlərinə aid müzakirələr keçirirlər.
“Azərkosmos” ISPRS-ə üzv olmaqla məsafədən müşahidə, o cümlədən Coğrafi İnformasiya Sistemləri sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə fəal və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq imkanı əldə edib. Eyni zamanda, ISPRS-ə üzvlük sayəsində “Azersky” optik peyk təsvirlərinin dünyada aparılan elmi tədqiqatlarda geniş istifadə olunmasını təbliğ etmək, bu sahənin inkişaf tendensiyalarını və perspektivlərini daha yaxından öyrənmək fürsəti yaranmış olacaq.
Qeyd edək ki, bu gün “Azersky” peykinin dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərini birbaşa, qeyd-şərtsiz çəkmək imkanı var. Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərini kənd təsərrüfatı, ekologiya və ətraf mühit, kadastr və xəritəçəkmə, fövqəladə hallar, dənizdə və quruda neft çirklənmələrində istifadə edir. Həmçinin peyk təsvirlərinin analizi, müxtəlif formatlarda ortofotoların hazırlanması, təsvirlər əsasında dəyişikliklərin müəyyən edilməsi və bu kimi digər əlavə xidmətlər də təqdim olunur. Bununla yanaşı, “Azersky”ın imkanları ilə “Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” üzrə ölkədəki, xüsusilə regionlarda sosial-iqtisadi və texnoloji inkişafa dəstək verilir.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabrından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.