İQTİSADİYYAT
“Azərkosmos” Tanzaniyada peyk xidmətləri göstərəcək
Bakı, 24 dekabr, AZƏRTAC
“Azərkosmos” ASC Tanzaniya Respublikasında rəqəmsal peyk xidmətləri təklif edən “Azam TV” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, “Azərkosmos” “Azerspace-1” peykinin C-diapazonu vasitəsilə Tanzaniyada rəqəmsal yerüstü transmissiya (DTT) xidmətləri göstərəcək.
“Biz Şərqi Afrikanın aparıcı rəqəmsal peyk xidməti təminatçısı olan “Azam TV” ilə əməkdaşlıq etməkdən çox məmnunuq. Bu müqavilə tərəfdaşlarımızla birlikdə Tanzaniyada yaşayan əhaliyə yüksək etibarlı peyk xidmətləri göstərmək istəyimizin göstəricisidir”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusrie deyib.
“Biz izləyicilərimizə ən keyfiyyətli televiziya yayımını təmin etmək üçün DTT xidmətləri infrastrukturunda “Azərkosmos”la tərəfdaş olmaqdan məmnunuq. “Azerspace-1” peykini Şərqi Afrika bölgəsi üzərindəki mövqeyi və etibarlılığına görə seçmişik”, - deyə “Azam TV”nin nümayəndəsi, “Salim Bakhresa & Co Ltd.” şirkətinin icraçı direktoru Səid Səlim Baxresa qeyd edib.