İQTİSADİYYAT
“Azərkosmos” Yaxın Şərq və Afrika bazarlarında müştəri bazası yaradır VİDEO
Bakı, 31 mart (AZƏRTAC). “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu ilin birinci yarısında Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş aşağıorbitli peykin istehsalçısı ilə müqavilə imzalamağı planlaşdırır.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, artıq aşağıorbitli peykin istehsalı ilə bağlı tender elan olunmuşdur. Yaxın vaxtda tenderin qalibi ilə müqavilənin imzalanması gözlənilir.
“Azərkosmos” bu il Yaxın Şərq, Orta Asiya, Türkiyə və MDB ölkələrinin bazarlarında öz iştirakını artıracaqdır. Cari ilin ortalarınadək növbəti peykin münasib mövqeyi müəyyənləşəcəkdir. Bundan başqa, bir sıra digər layihələr də həyata keçiriləcəkdir
“Azərkosmos”un əsas məqsədi ikidilli əhaliyə malik olan ölkələrin bazarlarını əhatə etməkdir. Hazırda Orta Asiyada rus və türk televiziya kanalları təqdim edilir, Yaxın Şərqdə ərəb və ingilisdilli televiziya kanallarının yayımının təşkili üzərində işlər aparılır. Növbəti üç ildə bu istiqamətdə işlər davam etdiriləcək və əsasən də bu, Afrika bazarında müştəri bazasının yaradılması ilə bağlı olacaqdır.