İQTİSADİYYAT
“Azərkosmos” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
“Azərkosmos” ASC Afrikada telekommunikasiya xidmətləri sahəsində fəaliyyət göstərən “Globecast” qlobal media yayım şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq sayəsində “Globecast” şirkəti Afrika regionunda “Azerspace-1” peykinin C diapazonu ilə müştərilərinə xidmət göstərəcək.
Afrika regionunda televiziya yayımının çətin olduğu ərazilərdə “Globecast” şirkətinin platformaları asanlıqla “Azerspace-1” peykinin siqnallarını qəbul edəcək və bu da xəbərlər, idman və xüsusi tədbirlərin birbaşa yayımlanmasına imkan verəcək. Həmçinin dünyada kifayət qədər tamaşaçı kütləsi olan məşhur “Big Brother Naija Reality Show” proqramı Afrika televiziya kanallarında bu il “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.
Qeyd edək ki, “Globecast” şirkəti dünyada yerləşdiyi məkandan asılı olmayaraq müştərilərinə çevik və fasiləsiz videoyayım xidmətləri təqdim edir. Şirkət videoməzmunun və digər media həllərin müştərilərə çatdırılması üçün yerüstü kabel və peyk rabitəsini birləşdirən müasir hibrid sistemə malikdir. “Globecast” şirkəti qlobal səviyyədə dünyanın təxminən 250 yayım şəbəkəsinə peykdən məlumatın əldə olunması, bir araya toplanması və paylanması xidmətlərini göstərir.
“Bu əməkdaşlıq bizə müştərilərimizin artan tələbatını uğurla təmin etmək fürsəti qazandıracaq”, – deyə “Globecast” şirkətinin mühəndis həlləri üzrə meneceri Jak Andreou qeyd edib.
“Müasir idarəetmə və çevik yayım həlləri təqdim edən “Globecast” şirkəti ilə işgüzar münasibətlərimiz bizə Afrikada uğurlu yayım layihələri həyata keçirmək imkanı yaradacaq”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye deyib.