İQTİSADİYYAT
“Azərkosmos”un gənc mütəxəssisi Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramının qaliblərindən olub
Bakı, 23 fevral, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos”un Proqram təminatı həlləri qrupunun rəhbəri Tahir Qədimov Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramının dünya üzrə səkkiz qalibindən biri seçilib.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, “Launchpad” mentorluq proqramı kosmik sahənin peşəkar mentorlarının dəstəyi ilə dünyanın aparıcı kosmik agentlik, şirkət, cəmiyyət və assosiasiyalarında çalışan gənc mütəxəssislərə karyeralarını inkişaf etdirmək, liderlik bacarıqlarını formalaşdırmaq fürsəti verir.
Azərbaycanla yanaşı ABŞ, Avstraliya, Almaniya, Banqladeş, Filippin və İranın nümayəndələri də qaliblər sırasındadır.
Altı ay davam edəcək proqram kosmik sahə üzrə tədqiqat və inkişaf mərkəzlərində elm və innovasiya istiqamətlərində layihələr həyata keçirən, kosmik aparatların hazırlanması, eləcə də Ay və Marsda insanın məskunlaşmasına dair layihələrdə çalışan bu gəncləri bir araya gətirərək, onlara təcrübə mübadiləsi aparmaq imkanı verir.
Azərbaycanın Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramında təmsil olunması ölkədə gənclərin kosmik sahəyə marağının artması, texnoloji inkişafın əsas təhsil çağırışlarından olan STEM (Science, Technology, Engineering and Mathematics) yanaşmasında fəallıq nümayiş etdirmələri üçün stimul olacaq.
“Launchpad” mentorluq proqramı və qalibləri haqqında daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz: https://www.iafastro.org/news/the-iaf-is-pleased-to-present-the-mentees-of-the-2021/2022-iaf-launchpad-mentorship-programme.html
Qeyd edək ki, artıq 71 ildir fəaliyyət göstərən Beynəlxalq Astronavtika Federasiyasının 72 ölkədən 433 üzvü var. Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 2018-ci ildən federasiyanın fəal üzvüdür və 2023-cü ildə Bakı şəhəri kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.