İQTİSADİYYAT


“Azərpoçt” daha bir beynəlxalq ödəniş sisteminə qoşulur

Bakı, 7 fevral, AZƏRTAC

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Rusiyanın “Digital Payment” şirkətinə məxsus “Sendy” ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.

MMC-dən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt” və “Digital Payment” arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan verəcək.

“Sendy” ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir, 70 mindən çox hüquqi şəxs isə bu sistemin müştərisidir. Artıq ölkəmizdə də “Azərpoçt”un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər.

“Sendy” proqram təminatının və avadanlıq kompleksinin “Azərpoçt” tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.

“Azərpoçt” MMC-nin prioritet vəzifəsi milli pul vahidlərində universal ödəmə məkanının yaradılması, ən son mobil texnologiyalardan istifadə edərək öz müştəriləri, eləcə də tərəfdaşlarının müştəriləri üçün maliyyə xidmətlərinin genişləndirilməsi və xüsusilə sərhədsiz köçürmələrin artırılmasıdır.

Qeyd edək ki, bu gün dünyada biznesin iki növü sürətlə inkişaf etməkdədir. Bu smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Poçt strukturlarında ödəmə şərti ucuz olan və QR kodlar əsasında rəqəmli mobil həllər tətbiq edən xidmətlərə üstünlük verilir. Ölkəmizin poçt sistemi bu prinsipə əməl edən beynəlxalq ticarət və çatdırılma sistemlərinə inteqrasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.