İQTİSADİYYAT
“Azərpoçt” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür
Bakı, 7 mart, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində dezinfeksiya işləri aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi, Astara, Biləsuvar, Qazax, Balakən, Xaçmaz, Qusar, Ağstafa poçt filialları antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə (maska, əlcək, spirt) təmin olunur.
Əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin strukturuna daxil olan, eyni zamanda, strukturuna daxil olmayan tabeliyindəki qurumların Çağrı mərkəzlərinə vətəndaşlar tərəfindən gələn sorğuları nəzərə alıb nazirliyin, xüsusilə müvafiq qurumların bu istiqamətdə gördüyü işlər mütəmadi olaraq KİV, nazirlik və qurumların rəsmi saytları və sosial media hesablarında işıqlandırılır. Məqsəd virusun yayılmasının qarşısını almaqla yanaşı, görülən işlərlə bağlı ictimaiyyəti, vətəndaşları məlumatlandırmaq, yarana biləcək narahatlıq və narazılığı aradan qaldırmaqdır.