İQTİSADİYYAT
“Azərsu” ASC-də yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı müraciətlərin qəbuluna başlanılıb
Bakı, 1 aprel, AZƏRTAC
“Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətdə İctimai Şuranın yaradılması prosesinə başlanılıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu” sədrinin 2021-ci il 17 mart tarixli 158 nömrəli əmrinə əsasən, yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi və şura üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə İctimai Şuranın təşkili ilə bağlı Seçki Komissiyası yaradılıb. Komissiya “Azərsu” ASC-nin 4 əməkdaşından və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət olmaqla təşkil edilib.
Seçki Komissiyasının ilk iclasında “Azərsu”nun İşlər İdarəsinin rəisi Möhsün Quliyev bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İctimai iştirakçılıq haqqında” Qanunda dövlət siyasətinin həyata keçirilməsində və qərarların qəbulunda ictimaiyyətin və vətəndaş cəmiyyət institutlarının iştirakı və ictimai rəyin nəzərə alınması xüsusi qeyd olunur. “Azərsu”da İctimai Şuranın yaradılması ASC-nin fəaliyyətində şəffaflığın daha da artırılmasına, ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etməyə imkan yaradacaq.
“Azərsu”nun Hüquq departamentinin rəis müavini, Seçki Komissiyasının üzvü Yaşar Ağayev şuranın yaradılmasının hüquqi əsasları barədə məlumat verərək deyib ki, İctimai Şura ASC-nin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edəcək.
Komissiyada təmsil olunan vətəndaş cəmiyyətinin üzvləri qeyd ediblər ki, “Azərsu” ASC-də yaradılacaq İctimai Şura içməli su təchizatı və tullantı su sektorunda müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.
İclasda təşkilati məsələlərə baxılıb. “Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini Y.Ağayev seçki komissiyasının sədri, Sosial inkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli katib seçilib. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq şura üzvləri 11 nəfər olmaqla 2 il müddətinə seçiləcək. Şura üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi aprelin 1-dən 30-dək aparılacaq.
Vətəndaş cəmiyyəti institutlarından ictimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd.
İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcək.
İctimai Şura üzvlüyünə namizədlərin irəli sürəcək şəxslərdən tələb olunan sənədlərin surətini “[email protected]” elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqələndirici şəxs: Anar Cəbrayıllı - “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü. Tel: (+99 412) 430-04-43.