CƏMİYYƏT
“Azərsu” ASC-nin əməkdaşları şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər
Bakı, 27 sentyabr, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi İdarə Aparatı əməkdaşları şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, anım mərasimində “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov sentyabrın 27-nin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib.
Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz doğma Qarabağı işğaldan azad edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endiriblər: “Vətən müharibəsində “Azərsu” ASC-nin əməkdaşları da səfərbər olunub. Hələ döyüşlər başlamazdan əvvəl gənc əməkdaşlarımızın bir qismi səfərbərlik şöbələrinə müraciət edərək könüllü şəkildə cəbhəyə yollanıb. Ümumilikdə 188 əməkdaşımız müharibədə iştirak edib və onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri isə yaralanıb. Eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda gedən amansız döyüşlərdə kollektivimizin 21 nəfərinin ailə üzvü şəhid olub, 45 ailə üzvü isə yaralanıb. Şəhid olan və yaralanan, eləcə də müharibədə iştirak edən “Azərsu” ASC əməkdaşları müxtəlif təltiflərə layiq görülüblər. Əməkdaşlarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan kollektivimizin hər bir üzvü qürur hissi keçirir”.
Vətən müharibəsi iştirakçısı “Azərsu” ASC-nin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəis müavini Ramil Səmədov, YAP Yasamal Rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli çıxış edərək bildiriblər ki, bu zəfər hərbçilərimizin fədakarlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, qalib Azərbaycan xalqının birliyi nəticəsində əldə olunub. Qeyd olunub ki, torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaq.