REGİONLAR
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb. Sədr müavini Etibar Məmmədov isə Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.
Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbullarda Göygöl, Daşkəsən, Naftalan, Goranboy və Xocalı rayonlarından olan 61 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.