İQTİSADİYYAT


“Azərsu” Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirib

Bakı, 7 sentyabr, AZƏRTAC

İçməli sudan qanunsuz istifadənin, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən Səbail rayonunda nəzarət-yoxlama tədbirləri keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən yoxlamalar zamanı yenə də sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

“Azərsu”dan AZƏRTAC-a bildirilib ki, Səbail rayonu 20-ci sahə yaşayış massivində həyata keçirilən nəzarət tədbirləri zamanı “Dostlar” kafesində su sayğacının dayandırılması, kənar xətdən istifadə və gizli su anbarı aşkarlanıb. Görünür, bu üsula əl atan sahibkarın heç ağlına da gəlməyib ki, kifayət qədər müştərisi olan obyektin su sərfiyyatında şübhələr yarana bilər. Belə ki, obyektin su sərfiyyatına görə aylıq ödəniş cədvəli tələbata uyğun gəlmədiyindən obyektin su təchizatına baxış keçirilməsinə zərurət yaranıb və şübhələr özünü doğruldub. Məlum olub ki, kafe hər gün işləsə də, sayğacdan su fasilələrlə keçir.

Sudan qanunsuz istifadə olunan növbəti böyük ünvan “Şıxov” ərazisindəki “Qağayı” çimərliyi olub. Eyni ilə burada da sahibkar yaxınlıqdan keçən magistral kəmərdən gizli xətt çəkərək sudan qanunsuz istifadə edib. Su əvvəlcə ehtiyat çənə, sonra isə çimərlikdəki bulaqlara ötürülüb. Obyektin su təchizatına görə hər hansı rəsmi müqavilə, su sayğacı olmadığına və sudan qanunsuz istifadə hallarına yol verildiyinə görə dəymiş ziyan hesablanaraq akt tərtib olunub və su təchizatı dayandırılıb.

Badamdar qəsəbəsi 2 ünvanındakı villalardan birində də böyük bir iaşə obyektinin işlətdiyi qədər sudan qanunsuz istifadə olunduğu aşkarlanıb. Bütün müraciətlərə məhəl qoymayan evin sahibi müqavilə bağlamaqdan imtina edib və “Azərsu” əməkdaşlarına qarşı kobudluq edərək vəzifə borclarını yerinə yetirmələrinə mane olub. Amma bununla belə sudan qanunsuz istifadə edilən ünvanla bağlı akt tərtib olunaraq suyun verilişi dayandırılıb.

Sudan qanunsuz istifadə edən əhalini və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin ötən dövründə sudan qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, cari ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 11 min 532, Səbail rayonu üzrə isə 427 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 milyon 119 min kubmetr, Səbail rayonu üzrə isə 134 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.