İQTİSADİYYAT


“Azərsu” Səbail rayonunda yeni layihənin icrasına başlayıb

Bakı, 7 dekabr, AZƏRTAC

Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” ASC tərəfindən Səbail rayonunda yeni layihənin icrasına başlanılıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində mənzillərin daxilində yerləşən dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır, məhəllədaxili xətlər yenilənir və bununla da məhəllədaxili nasos stansiyalarının fəaliyyəti dayandırılır.

Yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması və istehlakçıların suölçən cihazlarla təmin edilməsi məqsədilə Səbail rayonunda həyata keçirilən layihə sovet dövründə tikilmiş 32 çoxmənzilli yaşayış binasında 2200 abonenti əhatə edir. Həmin binaların daxili su təchizatı sistemləri şaxtalarda quraşdırılıb. Dik dayaqlar uzun müddətdir istismar olunduğundan bəzi hallarda su sızmaları və axıntılar baş verir. Bu da mənzillərin və zirzəmilərin su ilə dolmasına səbəb olur. Üstəlik mövcud xətlər sakinlərin fasiləsiz içməli su ilə təmin etməyə imkan vermir. Hazırda həmin binalar məhəllədaxili nasos stansiyaları vasitəsilə qrafik rejimdə içməli su ilə təmin olunur. Sayğacların mənzillərin daxilində olması bəzi hallarda onların vaxtında oxunmasını çətinləşdirir ki, bu da uçotun düzgün aparılmasına problemlər yaradır. Yeni layihəyə əsasən, binaların həyətlərindən keçən 60 millimetr diametrli metal borular 110 millimetr diametrli polietilen borularla əvəzlənir. Həmin xətlərdən binaların giriş xətlərinə birləşmə verilir. Bununla da binalara suyun birbaşa paylayıcı xətlərdən verilməsi təmin olunur və zirzəmilərdən keçən borular ləğv edilir.

Binadaxili su təchizatı sistemlərinin şaxtalardan pilləkən qəfəsələrinə çıxarılması və məhəllədaxili şəbəkənin yenidən qurulması gələcəkdə binaların zirzəmilərinə su axıntılarının qarşısını alacaq, su itkilərini azaldaraq xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Hər bir mənzildə sayğacların quraşdırılması və sayğacların pilləkən qəfəsələrinə çıxarılması dəqiq uçotun aparılması, yaranmış borcların vaxtında toplanması və debitor borcların yaranmamasına gətirib çıxaracaq.

Layihənin icrasına başlanandan qısa müddət ərzində işlərin 50 faizi yerinə yetirilib. Yeni yaradılan infrastruktur binaları fasiləsiz su ilə təmin etməyə imkan yaratdığından layihənin əhatə etdiyi ərazidə 4 məhəllədaxili nasos stansiyasının istismarı dayandırılacaq.

Qeyd edək ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6 mindən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.